Binəqədi qəsəbəsində gənclərlə görüş keçirildi
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə 12 may 2018-ci il tarixində Binəqədi qəsəbəsinin gəncləri ilə görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsi İctimai-humanitar sektorunun müdiri Nilufər Yunusova və gənclər iştirak etmişdir.
Görüş zamanı gənclər asudə vaxtlarının səmərəli təşkili məqsədilə məhəllələrdə istirahət guşələrinin artırılması, gənclər və idman sahələri üzrə keçirilən tədbirlərdə kütləviliyin təmin edilməsi, o cümlədən kitab sərgilərinin keçirilməsi ilə bağlı təkliflərini səsləndirmişlər.
Gəncləri dinləyən Şəmsi Gülverdiyev və Elvin Aslanov irəli sürülmüş təkliflərin nəzərə alınacağını bildirmişlər. Rayon ərazisində aparılan tikinti, təmir, abadlıq və quruculuq işləri, eləcə də gənclər arasında sosial şəbəkələrdə işin təşkili, tolerantlıq, dini radikalizmlə mübarizə sahəsində reallaşdırılan maarifləndirmə işləri ilə bağlı görüş iştirakçılarına ətrafı məlumat verən çıxışçılar gənclərə rayonun ictimai həyatında aktivlik göstərməyi tövsiyə etmişlər.