Milli Mətbuat günü qeyd edildi
İyul ayının 23-də Binəqədi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “AzərTAC”ın İctimai-siyasi redaksiyasının baş redaktoru Albina Atlıxanova, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər mətbuat nümayəndələri iştirak edirdi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstünün önünə güllərin qoyulması və Ulu Öndərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı.
Tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış 1646 – Sakinlərin Müraciət Xidməti ilə tanış oldu və rayonda son bir ildə abadlıq-quruculuq, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilmiş işlər və elektron hökumətin tətbiqindən bəhs edən filmə baxdılar.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov çıxışında mətbuatın cəmiyyətin inkişafında rolundan danışmış, cəmiyyətin tərəqqisində hadisələri obyektiv işıqlandıran KİV nümayəndələrinin də rolunun olduğunu bildirdi. Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov 1998-ci ildə Ümummilli Lider tərəfindən mətbuat üzərindəki senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafına stimul yarandığını və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mətbuata daim diqqət və qayğı ilə yanaşdığını vurğuladı. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı bu qayğıya bariz nümunə kimi 156 mətbuat nümayəndəsinin dövlət tərəfindən evlə təmin olunmasını göstərdi.
Daha sonra çıxış edən Ə.Amaşov, V.Səfərli və V.Rəhimzadə mətbuata dövlət qayğısından, Binəqədi rayonunda son bir ildə reallaşdırılan abadlıq-quruculuq işlərindən danışaraq bu işləri bir örnək kimi qeyd etdilər.
Tədbirin gedişində “Binəqədi” qəzetinin təşkilatçılığı və “AzərTAC” ın İctimai-siyasi redaksiyasının baş redaktoru Albina Atlıxanova, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin həmtəsisçiliyi ilə “Binəqədinin dostları” Mətbuat Klubunun təsis olunduğu elan edildi.
Tədbirin sonunda bir müddət əvvəl mətbuat nümayəndələri üçün elan olunmuş “Binəqədi rayonu mətbuatın gözü ilə” yazı müsabiqəsinin qalibləri təltif edildi, digər iştirakçılara isə həvəsləndirici mükafatlar və hədiyyələr təqdim olundu.