Binəqədi rayonunda “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr edilmiş tədbir keçirildi
1 iyun 2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı 11 illik incəsənət məktəbində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Bayram tədbirində məktəbin müəllim və şagird kollektivi tərəfindən konsert proqramı təqdim olunmuş, Azərbaycan və dünya klassiklərin əsərləri səslənmişdir. Açıq hava şəraitində keçirilən tədbirə qəsəbə sakinləri də maraq göstərmişdir. Bədii hissə bitdikdən sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov uşaqların bayramını təbrik etdi və maraqlı bədii hissəyə görə incəsənət məktəbinin kollektivinə təşəkkürünü bildirdi. Ramiz Göyüşov ökləmizdə uşaq hüquqlarının ən yüksək səviyyədə qorunduğunu qeyd etdi.Ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə gördüyü böyük işlərdən danışdı. Daha sonra çıxış edən şöbə müdirinin müavini Şəmsi Gülverdiyev rayon sakinlərinə müraciət edərək, uşaqları təbrik etdi və bildirdi ki, bir çox ölkələrdə uşaqların müharibələrdə həlak olması, əməyinin istismar olması və insan alveri qurbanlarına çevrilməsi fonunda Respublikamızda uşaqlar azad, firavan və sabitlik şəraitində yaşayırlar və xoşbəxtdirlər. Sonda çıxış edən incəsənət məktəbinin direktoru Ədilə Yusifova bayram konsertinin təşkilində iştirak etdiklərinə görə tədbirin iştirakçılarına və qonaqlara minnətdarlığını bildirdi və tədbiri yekunlaşdırdı.