Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib

27 iyun 2018 | 11:00

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə 27 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib. Ekskursiyada RİH Başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, YAP Rayon təşkilatının əməkdaşları və gənc fəalları iştirak edib.
Ekskursiya zamanı iştirakçılar 2 mərtəbədən və 12 zaldan ibarət olan muzeydə ümumilikdə 11 minə yaxın eksponata baxıblar. Muzey bələdçisi ekskursiya iştirakçılarına muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumatlar  çatdırıb. Qeyd edib ki, muzey 1992-ci ildə yaradılıb. Muzey yaradılarkən burada 200-ə yaxın eksponat olub. Hazırda isə eksponatların sayı 11 minə çatır. Bunların da 6 mini ekspozisiya zallarında nümayiş olunur. Muzeyin ilk zalı qədim, erkən, orta əsrlər dövrü zalıdır və buradakı eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edir. Muzeyin müxtəlif zallarında həmçinin Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli yerləşir. Xanlıqlar dövrünə aid zalda isə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilir. Zalda İrəvan xanlığının bayrağının nüsxəsini də görmək mümkündür. Tarixin dərin və silinməz izlərini özündə əks etdirən muzeydə olduqca qədim və qiymətli tarixi əsərlər saxlanılır. Belə ki, muzeydə Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend yer alıb. İştirakçılar muzeydə Qərbi Azərbaycana həsr edilən stendlə də yaxından tanış olublar. Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı zalda 193 eksponatla tanış olublar. Zalda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verilir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur. Muzeydə xüsusi maraq doğuran zallardan biri də ümummilli lider Heydər Əliyev və ordu quruculuğuna həsr olunub. Burada 533 eksponat mühafizə olunur. Zalda dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən də ətraflı bəhs edilir, ona məxsus əşyalar, hərbi geyim nümunəsi nümayiş olunur. Ordumuzun parlaq zəfəri sayılan aprel döyüşlərinə aid zal iştirakçılarda böyük qürur hissləri oyatdı. Belə ki, burada aprel döyüşləri şəhidlərinin üzərlərində tapılan əşyalar nümayiş etdirilir.
Ekskursiya zamanı iştirakçılar eyni zamanda Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnikaya baxıblar.  Burada isə iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın dublikatını da bu ekspozisiyada görmək olar. Quru qoşunları, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus texnikalar da çox maraqlıdır.
Ekskursiyanın sonunda YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı və Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Kərimov rayon fəallarının muzeyə səfərinin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Hərb Tarixi Muzeyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Ekskursiya iştirakçılarda böyük maraqla qarşılandı.
Qeyd edək ki, ekskursiyanın təşkil edilməsində məqsəd gənclərimizdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, hərb tariximizin dərindən öyrənilməsidir.

Keçidlər