Çin Xalq Respublikasının nümayəndə heyəti Binəqədi rayonuna səfər etmişdir
Ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Çançun və Xancun şəhərlərindən olan 12 nəfərlik nümayəndə heyəti 27 iyun 2018-ci il tarixdə Binəqədi rayonuna səfər etmişdilər. Səfər çərçivəsində nümayəndə heyəti ilə Binəqədi Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının birinci müavini İlqar Süleymanov, müavin Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasıının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Çin Xalq Respublikasının nümayəndə heyəti iştirak etmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev Çin və Azərbaycan arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışıb. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti, yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Binəqədi rayonunun sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqe haqqında məlumat verilib.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə təkliflər planının hazırlanması nəzərdə tutulub.
Çinli iş adamları ilə ölkəmizin və Binəqədi rayonunun iqtisadiyyatına investisiyalar yatırılması, o cümlədən dekorativ bitkilər üçün istixanalar, toxuculuq, tikiş istehsalat müəssisələrinin yaradılması məsələləri müzakirə edilmişdir.
Nümayəndə heyətinin rəhbəri, Beynəlxalq mübadiləyə dəstək üzrə Çuntsin Assosiasiyasının katibliyininn rəis müavini Çen Kay gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.