Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir
Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olaraq qalmaqdadır. Odlar diyarı kimi tanınan, Şərq ilə Qərb arasında yalnız coğrafi deyil, həm də mədəniyyət körpüsü kimi xalqlararası əlaqələrin yaranmasında rolu artan ölkəmizdə dini dözümlülük və multikulturalizm bütün əsrlərdə mövcud olmuş və doğru siyasi idarəçiliklə bu gün də davam etməkdədir.
Ölkə başçısı İlham Əliyevin dediyi kimi Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik,istər iqtisadi sahədə,istərsə də digər mühim sahələrdə özünü göstərməkdədir.
Dünya düzənində baş verən siyasi proseslər, illərdir beynəlxalq müstəvidə tüğyan edən və bilavasitə siyasi motivlərlə müşayiət olunan proseslərə baxmayaraq ölkəmizin bütün sahələrdən üzü ağ çıxması xalq–iqtidar birliyinin güclü və ayrılmaz olduğunun sübutudur.
Təəssüflər olsun ki, neçə illərdir düzgün aparılan balanslaşdırılmış siyasət nəticəsində mümkün olmuş bu sabitliyi gözü götürməyən qüvvələr də az deyil. Gəncə hadisələrində hansısa qara qüvvələrin sifarişini yerinə yetirmək niyyəti ilə “ terror ” həyata keçirmək arzusunda olanların, ölkənin siyasi sabitliyini pozmaq üçün müxtəlif planlaşdırılmış əməllərə əl atmaq istəyənlərin arzuları öz gözlərində qaldı. Atalarımız dediyi kimi, Haqq-Nahaq üzərində yenidən və bir daha qalib gəldi.
Lakin, şükürlər olsun ki, Yaxın Şərqdə narıncı inqilablar təşkil etmək yolu ilə bir çox ölkələri viran gününə salan, ikili standartlara söykənərək demokratiya pərdəsi altında aparılan siyasətlə böyük fəsadlar törədən qara qüvvələr vətəndaşın rəhbərə olan sevgi və sədaqətinin önündə diz çökdü.
Baş verən prosesləri gözləri ilə görən hər kəs başa düşməli və bilməlidir ki, mövcud ictimai-siyasi sabitliyi lazımınca dəyərləndirməliyik. Başa düşməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin səyləri hesabına yaradılmış bu ictimai-siyasi sabitlik ailələrimizin və uşaqlarımızın təhlükəsiz və xoşbəxt həyatının, müstəqil Azərbaycan dövlətinin isə hərtərəfli inkişafının əsas təminatıdır. Ona öz töhfəmizi vermək, bu sabitliyi qorumaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.