Binqəqədi rayonunda “Aztəminatlı ailələrdən olan yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul olunmasına dəstək məqsədi ilə kursların təşkili” adlı layihənin yekun təqdimat mərasimi keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən həyata keçirilən “Aztəminatlı ailələrdən olan yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul olunmasına dəstək məqsədi ilə kursların təşkili” adlı layihənin yekun təqdimat mərasimi keçirilib.
“Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri, layihə rəhbəri İradə Rizazadə tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, 4 ay ərzində həyata keçirilən layihə çərçivəsində aztəminatlı ailələrindən olan şagirdlərin ali və orta ixtisas təhsili müəssisələrinə hazırlanması məqsədilə hazırlıq kursları təşkil olunub. Binəqədi Rayon Gənclər Evində 4 fənn üzrə həyata keçirilən kurslara xüsusi biliyi ilə fərqlənən 20 nəfər şagird seçilərək cəlb olunmuşdur. Eyni zamanda ali və orta ixtisas məktəblərinə hazırlıq dövründə şagirdlərin psixoloji sarsıntılar keçirdiyini nəzərə alaraq, psixoloq Vüsalə Xəlilova tərəfindən onlara qrup və fərdi şəkildə təlimlər, məsləhət saatları təşkil olunmuşdur. Layihəyə töhfə olaraq isə BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi, psixologiya elmləri doktoru Svetlana Məcidova layihənin icrasına cəlb olunmuş və şagirdlərin imtahanlara hazırlıq prosesində psixoloji vəziyyətlərinin idarə edilməsi üçün təlimlər keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev çıxış edərək, bu layihənin təşkili üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına və VSRN İB-nə minnətdarlığını bildirib: “Həyata keçirilən bu layihə dövlətimizin təhsilə, eyni zamanda yeniyetmələrin və gənclərin inkişafına xüsusi qayğısını bir daha göstərir”.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Rayon Gənclər Evinin nümayəndələri çıxış edərək, VSRN İB-nin həyata keçirdiyi yeniyetmə və gənclərin inkişafına həsr olunmuş layihələrini, ümumilikdə Birliyin bu sahədə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirmiş va bundan sonra da QHT-lərin icra etdikərləri layihələrə lazımi dəstək göstərəcəklərini bildirmişdirlər.
Tədbirin sonunda kursları yaxşı nəticələr ilə bitirən şagirdlərə sertifikatlar və təşəkkürnamələr təqdim olunub. Yekunda layihə rəhbəri İradə Rizazadə layihənin icrası zamanı göstərilən dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Rayon Gənclər evinin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.