Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirildi
26 iyul 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə RİH başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərinin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə aparatın şöbə müdirləri, RİH başçısının İnzibati və sahə İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Mənzil Kommunal İstismar Sahələrinin rəisləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində tikintilərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun aparılması, məişət tullantılarının vaxtlı-vaxtında təmizlənməsi, qanunsuz küçə ticarətinin aradan qaldırılması və s. məsələlərin icrasının daimi nəzarətdə saxlanması barədə aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.
Müşavirədə həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə yeni təyin olunmuş Azər Kərimovun təqdimatı olmuşdur. RİH başçısının birinci müavini İlqar Süleymanov yeni təyin olunmuş Azər Kərimovu rayon ictimaiyyətinə təqdim edərək təbrik etmiş, tapşırıq və tövsiyələrini vermişdir.