YAP Binəqədi rayon təşkilatında bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olan binəqədili tələbələrin iştirakı ilə görüş keçirildi
14 sentyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olan binəqədili tələbələrin iştirakı ilə 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Binəqədi rayonunda təhsil sahəsində çalışan YAP fəalları, yüksək bal toplayan tələbələr və onların valideynləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamladı. Ramiz Göyüşov hər il Binəqədi rayonunda ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə görüşlər keçirildiyini bildirdi. Ölkəmizdə ümummilli lider Heydər Əliyevin uğurlu islahatları nəticəsində təhsil sahəsində yüksək nailiyyətlərin əldə edildiyini və bu gün də bu islahatların uğurla davam etdirildiyini qeyd etdi. Məhz ölkə başçısı cənab İlham Əliyevin xüsusi tapşırığı və rəhbərliyi altında ölkəmizdə təhsil müəssisələrinin yenidən qurulduğunu, əsaslı təmir edildiyini və yeni məktəb binalarının və korpuslarının inşa olunduğunu diqqətə çatdırdı. Ramiz Göyüşov çıxışının sonunda ali məktəblərə qəbul olunan tələbələri, onların valideynlərini və bütün pedaqoji kollektivləri təbrik edərək onlara növbəti tədris ilində uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə və Binəqədi rayonunda təhsil sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs etdi. Məhz bunun sayəsində şagirdlərin yüksək şəraitdə təhsil aldıqlarını, hər il yüksək ballarla ali məktəblərə qəbul olduqlarını bildirdi. Bununla yanaşı şagirdlərin inkişafında ailə, müəllim faktorunun əhəmiyyətli dərəcədə rol oynadığını da vurğuladı. Gənclərin önündə yeni bir mərhələnin başlandığını bildirərək onlara daim öz üzərlərinə çalışmağı və dövlətimizin, vətənimizin inkişafı naminə yorulmadan səy göstərməyin nə qədər şərəfli və məsuliyyətli bir missiya olduğunu söylədi. Natiq bildirdi ki, ölkəmizdəki təhsil islahatları ilbəil daha da artır və birbaşa təhsil ictimaiyyətinin, şagird və tələbə kontingentinin hərtərəfli inkişafına hesablanır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxışında son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını söylədi. Təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlərin həyata keçirildiyini bildirdi. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini və bu islahatların bundan sonra da artacağına ümidvar olduğunu qeyd etdi. Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atıldığını və təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə insan resurslarının inkişaf etdirilməsinin əhəmiyyətindən danışdı.
“Muğanbank” ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Vəliyev çıxış edərək tələbə adını qazanmış məzunları təbrik etdi. Qarşıdan gələn yeni tədris ilində bütün təhsil ictimaiyyətinə uğurlar arzu etdi. Təhsilimizin inkişafı nəticəsində gənclərimizin və yeniyetmələrimizin uğurlarının davamlı olaraq artdığını diqqətə çatdırdı. Yüksək bal toplayan tələbələrlə görüşün təşkilinə görə YAP Binəqədi rayon təşkilatına minnətdarlığını bildirdi və bu cür görüşlərin onda xoş təssüratlar yaratdığını qeyd etdi. Rüstəm Vəliyev yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara qiymətli çeklər hədiyyə etdi.
Binəqədi rayonu 179 № tam orta məktəbin məzunu, 695 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş Nilufər Abdullayeva çıxışında göstərilən diqqət və qayğıya görə Binəqədi rayonu rəhbərliyinə və YAP Binəqədi rayon təşkilatının kollektivinə təşəkkürünü bildirdi. Böyük əzmlə çalışmasının və yüksək əmək sərf etməsinin sayəsində bu nailiyyətə imza atdığını vurğuladı. Bundan sonra da təhsilində və fəaliyyətində daim vətəninin adını uca tutacağını qeyd etdi.
Tədbirdə həmçinin Binəqədi rayonu 135 № tam tam orta məktəbi “Qızıl medal”la bitirən, 667 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunan tələbənin valideyni Könül Şahbazlı, 179 № tam orta məktəbin məzunu, 690 balla BDU-nun Hüquq fakültəsinə qəbul olunan Lamiyə Zülfüqarlı, Binəqədi ryaonu 284 № tam orta məktəbin direktoru Nizami Novruzov çıxış edərək təhsil sahəsindəki uğurlardan geniş bəhs etdilər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşəbbüskarlığı nəticəsində davamlı və məqsədyönlü təhsil islahatlarının həyata keçirildiyini söylədilər.
Görüşün sonunda 2017-2018-ci tədris ilinin yekunları üzrə yüksək nəticə əldə edən tam orta məktəblərin kollektivləri və 2017-2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərən və orta məktəbi “qızıl medal”la bitirən tələbələrin mükafatlandırılması mərasimi keçirildi.