Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl sakinlər ziyarət edilib
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.
Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, RİH başçısının nümayəndələri, bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliklinikasının tibb personalı iştirak ediblər.
Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb.
Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.
Evləri ziyarət edilən ahıllar onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırıblar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Səmimi söhbət zamanı ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.