Binəqədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi
Qeyd edilən əlamətdar gün münasibətilə Binəqədi rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi rayon Prokurorluğunun əməkdaşları iştirak etmişlər. Tədbirin əvvəlində Ulu Öndərin büstü önünə təzə-tər qızılgüllər qoyularaq xatirəsi yad edilmişdir. Tədbiri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev açaraq prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmişdir. Natiq qeyd etmişdir ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
Tədbirdə çıxış edən Binəqədi rayon Prokuroru Nazim İmanov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etmişdir. Növbəti çıxış edən Binəqədi rayon məhkəməsinin sədri Araz Kazımov prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu bildirərək ölkə başçısının prokurorluq orqanlarına və ümumilikdə hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğını qeyd etdi.
Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilmişdir.