Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın növbəti iclası keçirildi
23 noyabr 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti (RIH) başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib. Tədbirdə Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, İctimai şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak etdilər.
Tədbiri Binəqədi RİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev açıq elan etdi və iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırdı. Natiq şuranın iş fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Daha sonra çıxış üçün söz verilən şura üzvləri Qeyri Hökumət Təşkilatlarına dövlət dəstəyindən danışdılar. Çıxışçılar cəmiyyətdə baş verən proseslərə öz münasibətlərini bildirərək, onların həlli istiqamətində lazimi addımlar atılmalı olduğu fikrini səsləndirdilər.
Yekun nitqlə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Vətəndaş Cəmiyyət İnstitutlarının fəaliyyətində İctimai Birliklərin xüsusi yeri olduğunu bildirdi. O qeyd etdi ki, QHT-lərin fəaliyyəti üçün Dövlət tərəfindən münbit şərait yaradılmışdır. QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycan Gənclər Fondunun və digər fondların yaradılması bunun bariz nümunəsidir. Son olaraq natiq Binəqədi RİH-nin həyata keçirdiyi bütün layihələrdə ictimai birliklərlə əməkdaşlıq etdiyini şura üzvlərinin diqqətinə çatdırdı.
Tədbirin sonunda birgə xatirə şəkli çəkdirildi.