Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirici tədbirlər çərçivəsində 02 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Əsəd Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 244 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Dövlət Himninin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.