Şriftin ölçüsü :

Saytın rəngi :

246 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirildi

12 may 2023 | 16:07

12 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 246 № li məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda  maarifləndirici tədbir  keçirildi.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ilqar Məmmədov,   Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri  üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 246 № li məktəb-liseyin müəllim və şagird kollektivi iştirak etdilər.

Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 246 saylı məktəb-liseyin direktoru Elmar Həşimov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ilqar Məmmədov narkomanlığın Azərbaycan gəncliyinə vurduğu ziyandan və narkotiklərə qarşı mübarizədən, narkotiklə mübarizə çərçivəsində ictimai qınağın və antinarkotik təbliğinin sosial yönümlü aparılmasının vacibliyi, yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində həyata keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalıdır. Gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumat verməlidir. Ilqar Məmmədov Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirdiyini vurğuladı və bugünkü tədbiri də həmin görüşlərin davamı olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova məktəbliləri salamlayaraq maarifləndirici tədbirin keçirilməsinin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, “ağ ölüm”ə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olduğunu qeyd etdi. Müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən, yaşadığımız dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan Sevinc Süleymanova əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söylədi. Narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını, "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.
Sonda çıxış edən Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.

Tədbirin yekununda məktəblilərə əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə hazırlanan “Ad günü” adlı qısametrajlı maarifləndirici film nümayiş etdirildi.

Keçidlər