Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən "Şuşa Dövlət Musiqili Dram Teatrı"nın inzibati binasının açılış mərasimi keçirilib

24 dekabr 2018 | 11:00

Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi 6) binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
“ Tikinti və yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu mədəniyyət ocağı xalqımızın yaralı yeri olan Şuşanın adı ilə bağlıdır. Binanın girişində də teatrın burada müvəqqəti olaraq yerləşdirildiyi qeyd olunub: “Bu heç də təsadüfi deyil. Biz Ali Baş Komandanın rəhbərliyi ilə öz doğma torpaqlarımızı azad edəndən sonra Şuşa teatrı da əvvəlki məkanında fəaliyyət göstərəcək. İnanıram ki, o gün uzaqda deyil”.
Nazir söyləyib ki, yüksək səviyyədə həyata keçirilən tikindi işləri nəticəsində 80 nəfərdən çox insanın çalışdığı Şuşa teatrı öz qapılarını teatrsevərlərin üzünə açır.
Tədbirdə çıxış edən Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov teatrın binasının təmir və yenidən qurulmasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Burada vestibül, inzibati otaqlar, qrim otaqları, mətbəx və digər texniki xidmət otaqları, həmçinin 110 nəfərlik tamaşaçı zalı yaradılıb. İkinci mərtəbədə professional səs, işıq operatorları və kinoproyeksiya otaqları yerləşdirilib. Səhnə yenidən qurulub və müasir mexaniki avadanlıqlar quraşdırılıb. Video-müşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri yaradılıb və ərazidə 200 m3 tutumu olan yanğın və içməli su anbarı tikilib.
Bina yeni telekommunikasiya sistemləri ilə təmin edilib. Binanın ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb.

 

Keçidlər