Professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib
25 dekabr 2018-ci il tarixində Qalereya 1969 (Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu) da Azərbaycan yazıçısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas,professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirildi.
Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, “Ədibin evi”nin nümayəndəsi Elnur İmanbəyli, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəsissələrinin direktorları, sərgidə rəsm əsərləri nümayiş etdirilmiş məktəblilər iştirak etdilər.
İlk olaraq qonaqlar Binəqədi rayon məktəblilərinin əl işlərindən ibarət, ədibin həyat və yaradıcılğını əks etdirən rəsm əsərləri ilə tanış oldular. Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva tədbirin əsas məqsəd və qayəsi haqqında iştirakçılara məlumat verdi. Natiq XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutduğunu bildirdi. Daha sonra tədbir iştirakçıları layihə ilə bağlı videoçarxı izlədilər.
Çıxış üçün söz verilən Ağaəli İbrahimov qeyd etdi ki, Mir Cəlal Paşayevin yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı, şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etməsi bu ömrün mənalı ,eyni zamanda ölməzlik zirvəsinə yüksəldən əsas amillərdən biridir.
Çıxış edən Arif Hüseynov Mir Cəlal Paşayevin ədəbiyyat üçün doğulduğunu bildirdi. Natiq Onun insanda sağlam duyğular, xoş arzu- ümidlər oyadan, haqsızlığa, nöqsan, eybəcərlik və mənfiliyə qarşı mübarizəyə çağıran əsərlərinin ədəbiyyatla, əbədiyyat arasında qurulmuş körpünün ən sağlam dayaqlarını təşkil etdiyini bildirdi.
Çıxış üçün söz verilən Vüqar Zeynalov yazıçının yumoristik və satirik əsərlərindən söhbət açdı.Mir Cəlalın lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruhun əsas yer tutduğunu qeyd etdi.
Çıxış edən Hüseyn Əsgərov cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlalın bu ümdə amalı aşılamaq üçün ömrünün sonuna kimi yazmağa davam etdiyindən danışdı.
Çıxış üçün söz verilən Fərid Cəfərov ədibin yaradıcılığının əsas qayələrindən birini insani, tərbiyəvi-əxlaqi dəyərlər olduğunu qeyd etdi.
Elnur İmanbəyli İlk mənzilinin Azərbaycanın güneyi, son mənzili isə qüzeyi olan Mir Cəlalın həyat və yaradıcılığının Azərbaycanın bütövlük simvolu olduğunu bildirdi.
Çıxış edən Fidumə Hüseynova bildirdi ki, Mir Cəlal adı, heç bir fəxri ad, titul adı sadalamadan daha dolğun, daha möhtəşəm, daha nəhəng səslənir. Bu məhəbbəti, ehtiramı Mir Cəlal sağlığında özü qazanmışdır.
Yekun nitqi ilə çıxış edən Elxan Allahverdiyev Mayasında halallıq, sevgi, paklıq, istedad olan Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmədiyini, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılandığını və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurduğunu bildirdi. Natiq onun bu zirvədəki yerini heç vaxt itirməyəcəyini və dünya durduqca yaşayacağını bildirdi.
Sonda Professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş, Binəqədi rayon məktəblilərinin əl işlərindən ibarət sərginin iştirakçılarına hədiyyələr təqdim edildi.
Sərgidə nümayiş olunan rəsm əsərlərindən biri Ədibin ev muzeyinə təqdim edildi.