Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Mərkəzi Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

26 dekabr 2018 | 11:00

Dekabrın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Muzey Mərkəzində Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının (V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanası) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Baş İdarənin sifarişi ilə hazırlanmış rejissor Ülviyyə Könülün və ssenarist İlqar Fəhminin kitabxananın yaranma tarixindən bəhs edən tamaşası nümayiş olunub. Tamaşa 1921-ci ildə Bakı sakini olan üç qadının: Yüzbaşova Nina Əkbər qızı, knyaginya Gülrux-Xanım Troyanovskaya və Rabkina Sara Moiseyevnanın səyləri nəticəsində qiraətxana-kitabxana yaradılmasından bəhs olunur. Kitabları şəxsi kolleksiyalardan, gimnaziyalardan, mətbəələrdən dənə-dənə toplayan bu üç bakılı qadın həmin vaxtlarda öz zərif çiyinləri ilə ağır bir yükün altına girmişdilər.
Kitabxananın yaranmasında əsas məqsəd savadsızlığın ləğvi, mədəni inkişaf, yetim kimsəsiz qalmış səfil uşaqları kitaba, elmə, savada, maarifə cəlb edərək, ləyaqətli və bacarıqlı vətən övladlarına çevirmək olub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, M.F.Axudzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Prezident Kitabxanasının direktoru Mail Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları Hacı Əliyev və Səbinə Məmmədova çıxış ediblər. Baş İdarə tərəfindən Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının kollektivinə təltif olunan Fəxri Fərman MKS-nin direktoru Rəna Biləndərliyə təqdim olundu.
Qeyd edək ki, hazırda Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası kimi fəaliyyət göstərən kitabxana gəncləri öz ətrafına yığmağı bacarıb. Mərkəzi Kitabxananın kitab fondu 166 571 minə yaxın, oxucuların sayı 17 872 nəfər, kitab verilişi 229 708 təşkil edir. Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 6 şöbədən və 7 kitabxanadan ibarətdir.

 

Keçidlər