Binəqədi Rayon İcra Hakimiyyətində hava şəraiti ilə bağlı müşavirə keçirilib
16 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə Bakı şəhərində havaların kəskin dəyişəcəyini nəzərə alıb qabaqlayıcı tədbirlər görülməsi məqsədilə iclas keçirilmişdir.
İclasda Bakı Şəhər İcra Hakimiyyətinin və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, MKTB və tabeliyində olan MKİS-lərin, Xüsusi Təyinatlı MKİS-lərin rəisləri və Rayon ərazisində fəaliyyət göstərən digər kommunal sahələrin rəhbərləri iştirak etmişdir.
İclası giriş sözü ilə açan İlqar Süleymanov yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin aşağı düşəcəyini, qar - sulu qarın yağacağını, güclü küləyin və qasırğanın olacağını, bəzi hallarda şimal-qərb küləyinin saniyədə 25-40 metrədək şiddətlənəcəyini və havanın temperaturunun 2 dərəcəyədək enəcəyi bildirdi.
Bununla əlaqədar olaraq əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısını almaq üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barəsində mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsini diqqətə çatdırdı.
Sonda müvafiq ərazilər üzrə növbətçiliklərin təşkili və ərazilərin ciddi nəzarətdə saxlanması tədbir iştirakçılarının diqqətinə çatdırıldı.