Binəqədi rayonunda 2 fevral – "Azərbaycan Gəncləri Günü" münasibətilə tədbir keçirilib
Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin və rayonun ictimai-siyasi , mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edirdi.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. RİH başçısı bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğuladı. Elxan Allahverdiyev gənclərə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.
Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər. Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam etdi.