YAP Binəqədi Rayon Təşkilatında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının VII ildönümü münasibətilə tədbir keçirilib
12 fevral tarixində YAP Binəqədi Rayon Təşkilatında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının VII ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə BRİH başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşları, müvafiq ictimai birliklərin rəhbərləri, Binəqədi rayonu məktəblərinin hərbi rəhbər müəllimləri iştirak etdilər. Tədbir respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Çıxış edən BRİH başçısının birinci müavini İlqar Süleymanov tədbirin mahiyyəti ilə bağlı iştirakçılara məlumat verdi. İ.Süleymanov bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Xidməti mühüm inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses hazırda davam edir. Natiq xidmətin əməkdaşlarına şərəfli peşələrində uğurlar arzuladı.
Çıxış edən SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev bildirdi ki, Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin üzərimizə qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.
Çıxışlardan sonra xidməti fəaliyyətində əldə etdiyi uğurlara görə, Vətənpərvərlik sahəsində xidmətlərinə görə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının VII ildönümü münasibətilə bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırıldı.