“ASAN könüllüləri”nin növbəti 16-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başladı
21 fevral tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 16-cı qrupun üzvləri ilə görüş keçirildi. Könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış oldular və onlara Rayon İcra Hakimiyyətinin, o cümlədən, şöbələrin və 1646 – Sakinlərin Müraciət Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi.
Daha sonra könüllülər icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşərək öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək icra başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.