Binəqədi rayonunda "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Fevral ayının 21-də Binəqədi rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəliyi və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, RİH başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Ləman Əliyeva, Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov, "Xocalı Soyqırımının Tanıtma" ictimai birliyinin Binəqədi Rayon şöbəsinin sədri Ayna Novruzova, Rayon İcra Hakimiyyəti başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Binəqədi rayonunda məskunlaşmış Xocalı sakinləri və tanınmış incəsənət xadimləri iştirak edib.
Tədbir Xocalıda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələrinin yad edilməsi ilə başlanılıb. Daha sonra Xocalı şəhərində dinc insanlara qarşı törədilmiş kütləvi zorakılıqla bağlı sənədli film izlənilib.
Çıxış edən Ləman Əliyeva Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyduğunu, 27 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşadığını bildirib. Natiq Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının hər kəsin vətəndaşlıq borcudur olduğunu qeyd edib.
Salman Umudov Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. S.Umudov Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb.
Söz verilən Ayna Novruzova ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısını daima hiss etdiklərini bildirib. A.Novruzova qısa zaman çərçivəsində işğalda olan torpaqlarımızın azad olunacağına əmin olduqlarını vurğulayıb.
Çıxış üçün söz verilən Şəmsi Gülverdiyev Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd edib. Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən Ş.Gülverdiyev Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü diqqətə çatdırıb.
Rəsmi hissə bitdikdən sonar tədbir tanınmış incəsənət xadimlərinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda muğamlar,musiqilər və şeirlərlə davam etdirilib.
Sonda Binəqədi rayonunda məskunlaşmış Xocalı sakinlərinə ərzaq bağlamalarından ibarət yardım göstərilib.