1 Mart tarixində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici istiqamətdə ümumrayon tədbiri keçirilib
1 Mart tarixində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici istiqamətdə ümumrayon tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov, Binəqədi rayon üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor İsrafil Məmmədov, Milli Aerokosmik Agentliyinin, Binəqədi rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Bakı şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının 9 saylı bölməsinin, Azərsu ASC – nin nəqliyyat xüsusi texniki idarəsinin, su tikinti idarəsinin Qırmızı Aypara Cəmiyyətinin, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları və Binəqədi rayon məktəblərinin direktorları, direktor müavinləri, hərbi rəhbərləri iştirak etdilər. Tədbir məktəbin xor kollektivinin ifasında dövlət himninin səslənməsi ilə başladı. Çıxışlardan sonra həyəcan siqnalı verildi. Məktəbin Mülki Müdafiə qüvvələri əmin – amanlıq şəraitində baş vermiş hər hansı fövqəladə vəziyyətdə məktəbin şəxsi heyətinin təhlükəsiz yerə təxliyyəsi və lazımi ilkin yardımın edilməsini nümayiş etdirdilər. Tədbir iştirakçıları 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı şagirdlərin hazırladıqları əl işlərinə baxış keçirdilər. 2, 5, 6 – cı siniflərdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı keçirilən açıq dərslər dinlənildi. Yekun olaraq məktəbin akt zalında Binəqədi Rayon üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor İsrafil Məmmədov dəm qazı, məişətdə yanğın, odsöndürücü balon, sularda təhlükəsizlik, torpaq sürüşməsi və zəlzələ ilə bağlı videoçarx nümayiş etdirdi. Tədbir iştirakçıları məktəbin şagirdlərindən təşkil edilmiş Mülki Müdafiə qüvvələrinin fəal iştirakçılarını yüksək qiymətləndirdilər.