Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 248 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi

26 may 2023 | 12:38

Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirici tədbirlər çərçivəsində 26 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 248 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

Tədbirdə Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva və 248 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan 248 nömrəli tam orta məktəbin direktoru Xəyyam Fərəcov qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov narkomaniyanın necə bir bəla olduğunu, gənclərimizə və uşaqlarımıza bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini, bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini, məhz sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşımasını qeyd etdi. Komissiya sədri əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını, "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.

Sonda çıxış edən Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.

Tədbirin yekununda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırıldı.

Keçidlər