Şəhid Əli Baba oğlu Cabbarovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Hər kəs Vətənimi sevirəm deyər, çoxu sevər də. Amma hər kəs Vətəni canından çox, uğrunda öləcək qədər sevə bilirmi?! Torpaq uğrunda, yurd yolunda canından keçən insanların ən yüksək məqamıdır Şəhidlik. Vətənin azadlığını canı ilə qazanıb qan ilə yazmaqdır Şəhidlik. Ruhunda ölümdən güclü, həyatdan şirin bir sevgi daşımaqdır. O sevgi güc-qüvvət, cəsarət verər. O sevgi sevgilərin ən güclüsü, bitməyən Vətən eşqidir.
26 oktyabr 2022-ci il tarixində Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində şəhid Əli Baba oğlu Cabbarovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin, Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü, məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunmuş kompazisiyalar səsləndirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edərək bildirdi ki, Əli kimi oğullar vətənpərvərliyin, cəsarətin və əxlaqın nümunəsidir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda Şəhidlik Zirvəsinə ucalan qəhrəmanlarımızın şərəfli ömür və döyüş yolu gənclərimiz üçün bir örnək olmalıdır.
Anım tədbirindən sonra şəhidimizin xatirəsinə verilən ehsan mərasimində xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!