Binəqədi rayon ictimaiyyətinin nümayəndələri “Azərbaycan 10 ildə Sosial-iqtisadi inkişaf: Dövlət Proqramlarının icrası” sərgisində iştirak etdilər
17 sentyabr 2013-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri “Bakı Expo” Sərgi Mərkəzində keçirilən Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunan “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: Dövlət Proqramlarının icrası” sərgisində iştirak ediblər.
Sərgidə, həmçinin, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və aktiv üzvləri də geniş tərkibdə təmsil olundular.
Sərgidə son 10 ildə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara, icra olunan Dövlət Proqramlarına, iqtisadi inkişaf sahələrinə dair nümayiş olunan çoxsaylı eksponat və fotolar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərginin 3 pavilyonunda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları, sənaye, energetika, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları nümayiş olunur.
Bakıya aid olan guşədə Binəqədi rayonu 4 eksponatla təmsil olunur. Burada, Bakı Tennis Akademiyası, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutu və rayon ərazisində yeni istifadəyə verilmiş iki parkın maketi nümayiş etdirilir.
“Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi oktyabrın 15-dək davam edəcək.