Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının fəal gənclərinin “Nəsimi İli” çərçivəsində Şamaxı şəhərinə səfəri təşkil edilib

19 may 2019 | 11:00

 19 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi ilk partiya təşkilatı ilə birgə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi İli” çərçivəsində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərinə səfəri təşkil edildi. Səfərdə YAP Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın kollektivi, gənc fəalları və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
      Şamaxı şəhərinə səfər zamanı yolüstü Acıdərədə Türk məzarı xatirə abidəsi ziyarət olundu. Bakının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş türk qardaşlarımızın əziz xatirəsi ehtiramla yad edildi, abidə önünə gül dəstələri qoyuldu.
       Səfər çərçivəsində iştirakçılar öncə Şamaxı Cümə məscidində oldular. Burada nümayəndə heyətini YAP Şamaxı Rayon təşkilatının sədri Bəxtiyar Abbasov və digər rəsmi şəxslər qarşıladı. Məscid haqqında səfər iştirakçılarına ətraflı məlumat verilərək bildirildi ki, məscid 743-744-ci illərdə inşa edilmişdir. Şamaxı Cümə Məscidi Cənubi Qafqazda Dərbənd Cümə məscidindən sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856-cı və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılmışdır.
      Sonra böyük Azərbaycan şairi Nəsiminin Şamaxı şəhərində, şairin adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət olundu, şairin əziz xatirəsi ehtiramla yad edilərək gül dəstələri qoyuldu. Gənclər Nəsiminin qəzəllərindən nümunələr səsləndirdilər.
     Daha sonra iştirakçılar Şamaxı Astrofizika Rəsədxanasında oldular. Bələdçi rəsədxananın tarixi və fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, dünyanın ən böyük rəsədxanalarından biri olan rəsədxana 1959-cu ildə yaradılıb. Buradakı teleskoplar vasitəsilə bir neçə planetlə yanaşı ayı da müşahidə etmək mümkündür. Həmçinin, azərbaycanlı alimlərin çoxsaylı uğurlarından danışılaraq onlar tərəfindən edilən kəşflərdən bəhs edildi. Bələdçi, həmçinin, iştirakçıların suallarını cavablandırdı.
      Səfər çərçivəsində, eyni zamanda, Şamaxının Məlhəm və zəngin turizm potensialı olan tarixi Dəmirçi kəndi ziyarət olundu. XV əsrə aid, Şamaxının ən qədim kəndlərindən biri olan Dəmirçi kəndi öz zəngin tarixi görünüşü və turizm potensialı ilə diqqəti cəlb edir. Kənddə olarkən turistik məkanlarda olan səfər iştirakçıları, həmçinin, xalq sənətkarlığının və milli mətbəxtimizin nümunələrini əks etdirən müxtəlif mərkəzlərdə, “Azərxalça” ASC-də və s. yerlərdə oldular. Buradakı şəraitlə bağlı mərkəz işçiləri tərəfindən iştirakçılara məlumatlar verildi.
       Səfərin sonunda asudə vaxtlarını səmərəli keçirmək məqsədilə gənclər təbiətin qoynunda dincəldilər və müxtəlif idman yarışları təşkil etdilər.
        İştirakçılar zəngin tarixi olan Şamaxı səfərindən xoş təəssüratlarla ayrıldılar. Xatirə şəkilləri çəkdirildi.

 

Keçidlər