Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü"nə həsr edilmiş tədbir keçirildi
01 avqust 2019-cu il tarixdə Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, YAP Binəqədi Rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon MKS-nin direktoru Rəna Biləndərli, türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin müdiri Elçin İbrahimov və Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov, Bakı Slavyan Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov və fəal gənclər iştirak edib.
Tədbiri açıq elan edən Binəqədi Rayon MKS-nin direktoru R.Biləndərli qonaqları salamlayaraq dilin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olduğunu qeyd etdi.
Çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu yolda böyük fədakarlıqlar göstərmiş ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmağımızı qeyd edərək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli varlığımızın rəmzi olan Azərbaycan dilinin öz inkişafında yeni mərhələyə qədəm qoymasından, Ana dilimizin gözəl bilicisi, mahir natiq Heydər Əliyevin xalqımıza və onun dilinə bağlılığından, tükənməz məhəbbətindən, bu ənənələrin ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirməsindən və bu istiqamətdə görülən işlərin də dilimizin inkişafına böyük qayğının təzahüründən danışdı.
Çıxış edənlər YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutu Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva “Azərbaycan dili bu gün: problemlər və perspektivlər” mövzusunda, Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova “Nəsimi yaradıcılığında Azərbaycan ədəbi dili” mövzusunda, Türk Dilləri şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını, ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasını bildirdilər, Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva Binəqədi Rayon MKS-nin fondundan seçilmiş 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş çap əsərlərinin “Bu dil bizə öyrətmiş bu dünyada hər şeyi” başlıqlı sərginin biblioqrafik-icmalını təqdim etdi.Sonda Binəqədi MME-nin poeziya dərnəyinin rəhbəri Həsən Həsənov Bəxtiyar Vahabzadənin “Ana dilim”, Zəlimxan Yaqubun “Dilim” şeirlərini təqdim etdi.