“Bizim həyət” layihəsi çərçivəsində Binəqədi rayonunda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Avqustun 6-da "IDEA" İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən, tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt Bakıda həyətlərin ekoloji cəhətdən təmiz saxlanılması və abadlaşdırılması, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.