Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

15 avqust 2019 | 11:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Avqustun 15-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Binəqədi rayonu, Naxçıvani küçəsi 24, 24“a”, 26, 26“a” ünvanlarında 2300 nəfər sakinin yaşadığı 4 ədəd 9 və 1 ədəd 10 mərtəbəli binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası və 8 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 2500 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi doqquzuncu həyətdir.

 

Keçidlər