Binəqədi rayonunda "28 May - Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirildi
27 may 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May-“Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktorunun müavini Orxan Rəhimov, mərkəzin pedoqoji heyəti və tələbələr iştirak edirdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktorunun müavini Orxan Rəhimov qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq və müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımızı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında “zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu vurğulayaraq, mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətdə görülən işlər barədə söhbət açaraq qeyd etdi ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin davamının göstəricisidir.
Məruzə nitqi ilə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Azərbaycan kimi güclü dövləti var. 1993-cü ildə xalqın təkidilə ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın əsl müstəqillik tarixi yaşadığını vurğulayan Zaur Əliyev məhz bu siyasətin məntiqi davamı olaraq Vətən müharibəsində Böyük Qələbənin əldə olunduğunu, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımızın uzun illərdən sonra torpaqlarımızın işğaldan azad edilməsi sevincini yaşadığını qeyd etdi.
Sonda çıxış edən Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev bildirdi ki, bu gün qürurla deyə bilərik ki, müstəqil Azərbaycanın dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Çətin bir zamanda cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli və dönməz olduğunu bir daha göstərdi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli bir işdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir və ölkə başçısının rəhbərliyi ilə bu gün də ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.
Tədbirin sonunda xatirə fotosu çəkildi.