Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi
Oktyabr ayının 1-də Binəqədi rayonunda Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi.
Binəqədi Rayon Prokurorluğunun inzibati binasında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov və Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov iştirak edirdi. Tədbirdə çıxış edən İ.Süleymanov ölkəmizdə qanunçuluğun qorunması, ictimai asayişin təmin ounması işində prokurorluq işçilərinin xidmətindən danışdı. Natiq vurğuladı ki, dövlət müstəqilliyimizin bərpasının ilk illərində anarxiya və xaosun hökm sürməsi, ölkədə sabitliyin olmaması səbəbindən işini düzgün qura bilməyən prokurorluğun öz profilinə və mahiyyətinə uyğun fəaliyyətinin təşkili məhz ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra baş tutdu. Ulu Öndərin bütün sahələrdə olduğu kimi prokurorluğun fəaliyyətinə də ciddi diqqət göstərməsinin nəticəsində bu orqanın öz fəaliyyətini qanunun aliliyi prinsipi əsasında dövlət maraqlarının qorunması istiqamətində qurduğu diqqətə çatdırıldı. Prezident İlham Əliyevin prokurorluq sahəsinə göstərdiyi diqqətə də toxunan İ.Süleymanov prokurorluq orqanlarında çalışanların öz şərəfli missiyalarını yerinə yetirmələri üçün dövlət başçısının hərtərəfli şərait yaratdığını bildirdi.
Binəqədi rayon prokuroru Nazim İmanov çıxışında dövlət başçısı tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd etdi və bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğuladı.
Tədbirin sonunda xidmətdə fərqlənən prokurorluq əməkdaşlarına xatirə hədiyyələri təqdim edildi.