Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi Rayon Təşkilatının ərazi ilk partiya təşkilatında "Beynəlxalq Müəllimlər Günü" qeyd edilib

04 oktyabr 2019 | 11:00

4 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, S.Məmmədova küçəsi 205 ünvanlı ərazi ilk partiya təşkilatında  Müəllimlər Günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, 246 nömrəli məktəb-liseyin direktoru, ərazi ilk partiya təşkilatının sədri Nəbi Mahmudov, 283 nömrəli məktəbin direktoru, YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova, 284 nömrəli məktəbin direktoru Nizami Novruzov və partiya fəalları iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş nitqi ilə açan Nəbi Mahmudov bildirdi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü insanlar yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində iştirak edən insanlar məhz müəllim əməyinin yetişdirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.

Sonra Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan danışdı. Müəllimə ən yüksək adın ümummilli lider Heydər Əliyev tərəfindən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərək qiymət verdiyini bildirdi. Daha sonra Ramiz Göyüşov bildirdi ki, göstərilən qayğının nəticəsi olaraq son illər Bakıda və regionlarda 100-dən artıq məktəb tamamilə yenidən qurulub, müəllim və şagirdlərin ixtiyarına verilib.

Tədbir bədii hissə ilə davam etdi.

Məktəbli şagirdlərdən ibarət musiqili və bədii-əyləncəli səhnəciklər nümayiş etdirildi. 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə əlaqədar Nəsimi və Topal Teymur kompozisiyası canlandırıldı. Daha sonra məktəbli şagirdlər şeir və rəqsləri ilə müəllimləri təbrik etdilər.

Sonda təhsildə fərqləndiyinə görə bir qrup fəal müəllim fəxri fərman ilə təltif olundu.

 

Keçidlər