Binəqədi rayonunda ənənəvi sahilyanı aksiya keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 26 oktyabr 2019-cu il tarixində ənənəvi sahilyanı təmizlik aksiyası keçirildi.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, ali təhsil müəssisəsinin əməkdaşları və tələbələrindən ibarət 50 nəfərlik heyəti və KİV nümayəndələri iştirak edib.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Aksiya zamanı Novxanı qəsəbəsinin sahilyanı ərazisinin bir hissəsi təmizlənib. Toplanılan məişət və digər növ tullantılar çeşidlənərək, müəyyən olunmuş zibil məntəqəsinə daşınıb.