Şriftin ölçüsü :

Saytın rəngi :

“Nəsimi dühası-650 il” layihəsi çərçivəsində 3 saylı məktəbdə növbəti tədbir keçirildi

28 oktyabr 2019 | 11:00
28 oktyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti tədbir keçirildi.
Təqdimat təsdiq edilmiş qrafikə uyğun olaraq, 3, 102 və 276 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 3 nömrəli tam orta məktəbin akt zalında keçirilən təqdimatda layihənin əsasnaməsində nəzərdə tutulduğu kimi tam orta məktəblərin şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və Nəsimiyə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edildi, kompozisiyalar nümayiş etdirildi.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra çıxış edən 3 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova tədbirin hazırlanması haqqında məlumat verdi. Bildirdi ki, orta məktəblərdə belə tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində, onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.
Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir, istedadlı şəxsiyyətdir. Onun yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalanması təsadüfi deyil. “Nəsimi İli” çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir. Ramiz Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğurlar arzuladı.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
“Nəsimi dühası-650 il” adlı layihədə Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

Keçidlər