276 № li tam orta məktəbdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində yerləşən təhsil müəssisələrində görüləcək işlərlə bağlı görüş keçirildi
13 mart 2024-cü il tarixində 276 № li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində yerləşən təhsil müəssisələrində görüləcək işlərlə bağlı məktəb direktorlarının və direktor müavinlərinin iştirakı ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, məktəb direktorları və onların müavinləri iştirak edirdilər.
276 № li tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaları salamlayaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar məktəblərdə bir çox tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova görüşdə iştirakına görə təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürünü bildirərək, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdıraraq qeyd etdi ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Sevinc Süleymanova həmçinin bu il hər birimizin qarşısında duran vəzifələr, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsi, həmçinin ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirlə əlaqədar söhbət açaraq, təhsil müəssisələrinin də bu mötəbər tədbirlərə öz töhvəsini verəcəyini xüsusi vurğuladı.
Daha sonra çıxış edən Nicat Allahverdiyev görüşün əhəmiyyətini qeyd edərək dedi ki, rayonumuzda ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verilmişdir. Abadlıq və təmizlik ənənələrini davam etdirmək, şagirdlər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək əsas məqsədlərmizdən biridir.
Çıxış edən məktəb rəhbərləri Tədbirlər planına uyğun olaraq cari il ərzində məktəblilər arasında esse müsabiqələri, intellektual yarışlar, foto və rəsm sərgiləri və müxtəlif nominasiyalı tədbirlərin təşkil olunacağını xüsusi vurğuladılar.
Sonda görüşdə iştirak edənlərin müvafiq təklifləri dinlənildi və sualları cavablandırıldı.