Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti tədbir baş tutdu

04 noyabr 2019 | 11:00

4 noyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti tədbir keçirildi.
Tədbir təsdiq edilmiş qrafikə uyğun olaraq “İdrak” liseyinin təşkilatçılığı ilə  keçirildi və dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş filmin nümayişi ilə başladı.Təqdimatda layihənin əsasnaməsində nəzərdə tutulduğu kimi liseyin şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və şairə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edildi, kompozisiyalar nümayiş etdirildi. Həmçinin şagirdlər liseyin musiqi müəllimi, gənc bəstəkar Məhərrəməli Əlişanovun Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən romansını canlı ifa etdilər.
Tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor  Mönsüm Alışov çıxış edərək, qonaqları salamladı və  tədbirin hazırlanması haqqında məlumat verdi. Bildirdi ki, orta məktəblərdə belə tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində, onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, prezident təqaüdcüsü, ədəbi tənqidçi, şair Əsəd Cahangir bildirdi ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir, istedadlı şəxsiyyətdir. Onun yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalanması təsadüfi deyil. “Nəsimi İli” çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir. Ramiz Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğurlar arzuladı.
Sonda tədbirdə muğam üçlüyünün müşaiyyəti ilə musiqi nömrəsi səsləndirildi və tədbir iştirakçıları “İdrak” Liseyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxdılar.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

Keçidlər