Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 8-ci mikrorayon sakinləri ilə "Açıq qapı" formatında növbəti səyyar qəbulu keçirildi
21 noyabr 2019-cu il tarixdə 8-ci mikrorayon ərazisində yerləşən 135 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə "Açıq qapı" formatında səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları ərazidə kanalizasiya xəttində, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, hündürmərtəbəli binaların liftlərinin yenilənməsi xahiş etdilər.
RİH başçısı bildirdi ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər həyata keçirilir. Eyni zamanda, hündürmərtəbəli binaların liftlərində mövcud problemlərin aradan qaldırılması istiqamətində də müəyyən işlər görülür. Binəqədi rayonu üçün cari ildə 91 sayda lift ayrılmışdır ki, onların da dəyişdirilməsi ilin sonunadək həllini tapacaqdır. Növbəti illərdə digər binaların lift sistemlərinin yenilənməsi məsələsinə baxılacaqdır.
Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.