Binəqədi rayonunda "Heydər Əliyev İli" çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda konfrans keçirildi
28 fevral 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında "Heydər Əliyev İli" çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə FHN-nin Mülki Müdafiə Qoşunları Qərargah rəisi - Komandanının müavini - general-leytenant Azad Ələkbərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı sədrinin müavini Sevinc Abdullayeva, Gənclər və İdman Nazirliyinin Binəqədi Rayon İdarəsinin rəisi Namiq Tarverdiyev və Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Tarix elmləri doktoru, professor Ədalət Qasımov iştirak etmişlər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və qarşısına gül dəstələri düzülmüşdür. Ulu Öndər Heydər Əliyev muzeyi ziyarət olunmuş, tədbirdə iştirak edən qonaqlar Heydər Əliyevin zəngin nəsillərə örnək irsi ilə tanış olmuşlar.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin zəngin ömür yoluna nəzər salıblar. Onlar bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olmuşdur. 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu vurğulanmışdır. Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olmasından söz açılmışdır. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğu qeyd edilmişdir. Eyni zamanda diqqətə çatdırılmışdır ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edilir.
Ötən illərdə Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğumuz mühüm tarixi nailiyyətləri diqqətə çatdırılmış, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu başda Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev olmaqla 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirildiyini fəxrlə bildirmişdir.
Konfransın sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.