Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 28 May qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

05 dekabr 2019 | 11:00

   05 dekabr 2019-cu il tarixdə 28 May qəsəbəsi ərazisində yerləşən 306 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

   RİH başçısı E.Allahverdiyev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifah halının yüksəlsilməsi məqsədi ilə davamlı şəkildə aparılan sosial islahatlardan, təkcə Binəqədi rayonunda deyil, ümumilikdə, respublika ərazisində planlı və davamlı şəkildə həyata keçirilən müxtəlif layihələrdən danışdı. RİH başçısı bildirdi ki, cənab Prezidentin dövlət qurumlarının rəhbərlərinə verdiyi tapşırıqların icrası məqsədi ilə sakinlərlə onların yaşadıqları ərazidə səyyar görüşlər davamlı olaraq təşkil edilir. Hazırki dövrdə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş "Qəsəbə aylığı" çərçivəsində növbəti səyyar görüş rayonun 28 May qəsəbəsində keçirilir. 

   RİH başçısı səyyar görüşlərin keçirilməsinin əhəmiyyətinin olduqca vacibliyini vurğulayaraq qeyd etdi ki, ölkə Prezidentinin dediyi kimi, hər bir dövlət məmurunun borcu vətəndaşların problemlərini, onları narahat edən məsələləri yerində öyrənmək və onların həlli istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlər görməkdən ibarətdir.

   RİH başçısı görüşdə RİH-in məsul vəzifəli şəxsləri və xidmət təşkilarının nümayəndələrinin də iştirak etmələrini sakinlərin nəzərinə çatdırdıqdan sonra, onların müraciətlərini dinlədi. 

   Qəsəbə sakinləri yaşadıqları ərazidə küçələrin işıqlandırılması, qaz və elektrik enerjisi təchizatı, asfalt örtüyün çəkilməsi, marşrut xəttinin uzadılması, su-kanalizasiya şəbəkəsində mövcud problemlərin aradan qaldırılmasını xahiş etdilər. 

   RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd etdi ki, rayonun su-kanalizasiya şəbəkəsində və yolların asfalt örtüyünün yenilənməsi istiqamətində mövcud problemlərin kompleks şəkildə həlli nəzərdə tutulmuşdur. Eyni zamanda, xidmət təşkilatlarının rəhbərlərinə yaxın müddətdə ərzində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdi.

   Sonda RİH başçısı əlavə olaraq bildirdi ki, qəsəbə ərazisində mövcud problemlərlə daha yaxından tanış olmaq və gələcəkdə onların praktik həlli üsullarını müəyyən etmək məqsədi ilə yaxın günlərdə RİH başçısı Aparatının məsul şəxslərinin, xidmət təşkilatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə əraziyə baxış keçirəcəkdir.

Keçidlər