Rayon İcra Hakimiyyətinin başçısı Biləcəri sakinləri ilə görüşdü
2013-cü il oktyabrın 25-də Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə yerləşən xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 169 nəfər Biləcəri qəsəbə sakinləri iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə, həmçinin rayonda aparılan irimiqyaslı layihələr haqqında ətraflı məlumat verdi.
Qəsəbə sakinlərindən Aydın Əsədov, Sona Qasımova, Fəxrəddin Mehdiyev, Səkinə Vəliyeva, Əmmə Ələkbərova, Bəxtiyar Məmmədov və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.