Bakıda səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının açılış mərasimi oldu
27 oktyabr 2013-cü il tarixdə Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (ARSMEF) təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının açılış mərasimi keçirildi.
Açılış mərasimində ARSMEF-in prezidenti Mirəli Kazımov, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov çıxış etdilər.
ARSMEF-in prezidenti Mirəli Kazımov Azərbaycan hökumətinin böyük dəstəyi və diqqəti sayəsində bu idman növünün ölkəmizdə surətlə inkişaf etdiyini, Federasiyasının bu idman növü üzrə yarışların hazırlanması və keçirilməsi üçün gənc kadrların, milli hakimlərin və məsafə quraşdırılması üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət ayırdığını bildirdi.
Yarışın təşkili üçün ölkəmizə xarici mütəxəssislərin dəvət olunduğu, müxtəlif treninq, seminar və praktik məşğələlərin keçirildiyi qeyd olundu.
Dünyada ən məhşur idman növlərindən biri olan səmti müəyyən etmə idman növünün əsas məqsədi qiblənüma və xəritə köməkliyi ilə təyin olunmuş ərazilərdə nəzarət məntəqələrini tapmaq və finiş nöqtəsinə daha tez çatmaqdır. Təxminən 3 saatadək davam edən təlim-məşq toplanışı iştirakçılarına həm fiziki, həm də xəritə üzrə müxtəlif tapşırıqlar verildi. Yarışlarda 198 idmançı iştirak edir. Uzaq məsafələrə - kişilər üçün 4 kilometr, qadınlar üçün 2,9 kilometrm məsafəyə qaçış nəzərdə tutulmuşdur.
Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko çıxışında bu çempionatın ilk dəfə olaraq təşkilatçılığının tamamilə azərbaycanlı mütəxəssislərə aid olduğunu qeyd etdi. Müasir avadanlığın tətbiqi bu idman növünün Azərbaycanda sürətlə inkişaf etməsinin göstəricisi olduğu bildirildi.
Digər çıxış edənlər iştirakçıları salamlayaraq hər kəsə uğurlar arzuladılar.