Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi”mövzusunda konfrans keçirildi

06 noyabr 2013 | 11:00

Noyabr ayının 5-də Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi”mövzusunda konfrans keçirildi.
Tədbirdə müxtəlif media orqanlarının rəhbərləri və təmsilçiləri, eləcə də Binəqədi rayonu icra strukturlarının rəhbərləri iştirak etdi.
Konfrans iştirakçılarını salamlayan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov media orqanları ilə görüşdən məmnunluğunu bildirərək KİV-lə rayon icra strukturlarının əməkdaşlığının əhəmiyyətindən danışaraq konfransı açıq elan etdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media rəhbərlərini və təmsilçilərini konfrans iştirakçılarına təqdim etdi. V.Səfərli bildirdi ki, Rayon İcra Hakimiyyətləri ilə bu qəbildən olan tədbirlər artıq ənənəvi xarakter alıb. Bu da nəticə etibarı ilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlığın dinamik inkişafını genişləndirir.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edən Ə.Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindən də geniş danışdı. Ə.Amaşov Azərbaycanda mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlər görüldüyünü diqqətə çəkərək, qarşıdakı dövrdə medianın tam iqtisadi müstəqilliyinə nail olunmasının da əsas məqsəd olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən də danışaraq rayon sakinləri ilə mütəmadi görüşlər keçirildiyini, onların problemlərinin dinlənildiyi və həmin məsələlərin həlli istiqamətində müvafiq addımlar atıldığını diqqətə çatdırdı: "Rayonda problemlərin ardıcıl qaydada aradan qaldırılması üçün işlər görülür. İlk növbədə sakinləri daha çox narahat edən problemlərin həlli istiqamətində addımlar atılır. Bəzi problemlər var ki, həmin məsələlər dövlət proqramına əsasən, tədricən həll ediləcək”. Daha sonra icra başçısı konkret misallar əsasında görülmüş işlər barədə məlumat verdi. X.İsgəndərov rayon ərazisində görülən işlərin, eləcə də problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını bildirdi.
Konfransda media nümayəndələri onları maraqlandıran sualları Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərova ünvanladılar. X.İsgəndərov səsləndirilən sualları cavablandıraraq qaldırılan məsələlərə aydınlıq gətirdi.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirildi.

Keçidlər