Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi
20 fevral 2020 | 11:00
20 fevral 2020-ci il tarixində Binəqədi qəsəbəsi ərazisində yerləşən 179 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, Rayon Gənclər və İdman İdarəsinin rəisi, hüquq-mühafizə orqanlarının nümayəndələri, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
RİH başçısı çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan müstəqil daxili və xarici siyasətin əsas məqsədinin ölkəmizin milli maraqlarının, suverenliyinin qorunması olduğunu bildirdi. Bu siyasət dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri tərəfindən dəstəklənir, biz bu həqiqətə İsveçrənin Davos və Almaniyanın Münhen şəhərlərində keçirilən konfranslarda bir daha şahid olduq. Bugün ölkəmizdə dinamik inkişafla yanaşı ictimai-siyasi sabitliyin hökm sürdüyünü qeyd edən RİH başçısı son illər yerli sahibkarlarla yanaşı, xarici investorlar tərəfindən Azərbaycanda biznes, gömrük, vergi sahələrində aparılan islahatların yüksək qiymətləndirildiyini, sözsüz ki, belə münasibətlərin yaranmasının əsas səbəbinin cənab Prezidentin uğurla həyata keçirdiyi dövlət siyasətinin nəticəsi olduğunu vurğuladı. RİH başçısı qarşıya qoyulan məqsədlərə daha tez çatmaq üçün vətəndaşların istək və qayğılarına daha diqqətlə yanaşılmalı olduğu bildirdi.
Görüşdə iştirak edən qəsəbə sakinləri yaşadıqları ərazidə su və kanalizasiya xətlərinin çəkilməsi, küçələrin işıqlandırılması, asfalt örtüyün çəkilməsi, nəqliyyat problemi və s. məsələlərlə bağlı müraciət etdilər.
RİH başçısı Elxan Allahverdiyev sakinlərin müraciətlərini dinlədikdən sonra rayonun su-kanalizasiya şəbəkəsində və yolların asfalt örtüyünün yenilənməsi istiqamətində mövcud problemlərin kompleks şəkildə həllinin nəzərdə tutulduğunu qeyd etdi, sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Sonda RİH başçısı qəsəbədə mövcud problemlərə toxunaraq qanunsuz küçə alverinin qarşısının alınması məqsədilə bazarların tikintisi üçün yerlərin ayrılması məsələsinə baxılması üçün tapşırıq verdi.