Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirildi

09 noyabr 2013 | 11:00

Noyabr 8-də Binəqədi rayonunda Azərbaycan tarixində əlamətdar hadisələrdən olan 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Eldar İbrahimov, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri, hərbi qulluqçular, ictimai fəallığı ilə seçilən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir YAP Binəqədi Rayon Təşkilatının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulması ilə başladı. Himnin səslənməsinin ardınca Dövlət Bayrağı Gününə həsr olunmuş film nümayiş etdirildi.
Bayram münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov təbrik nitqi söylədi. Rayon İcra Hakimiyyətinin başçısı əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu etdi. X.İsgəndərov çıxışında vurğuladı ki, üçrəngli, ayulduzlu bayrağımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı daha sonra dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən bəhs edərək, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edərək, dövlət başçısı tərəfindən atılan bu addımı özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi səciyyələndirdi. Bundan əlavə, X.İsgəndərov müstəqil Azərbaycanın əsas qanunu – 12 noyabr Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar da tədbir iştirakçılarını təbrik edərək, bu hadisənin də Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biri kimi qeyd etdi.
Bayram tədbiri Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərovun Azərbaycan bayrağı, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin Azərbaycan Konstitusiyası haqqında məruzələrilə davam etdirildi.
Zalda rəmzi olaraq Azərbaycan bayrağındakı rənglərin əks etdirən üç sırada mavi, qırmızı və yaşıl rəngli geyimlərdə olan gənclər əyləşmişdilər.
Rəsmi hissənin ardınca baş tutan bədii hissədə Binəqədi rayonu 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Bədii qiraət” dərnəyinin üzvləri Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev, dövlətçilik, Vətən və bayrağa həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbir C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı bədii kompozisiya ilə yekunlaşdı.
Həmçinin Dövlət Bayraq günü münasibətilə 07 noyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan partiyası Binəqədi Rayon Təşkilatının birgə təşəbbüsü ilə bir qrup partiya fəalları Dövlət Bayrağı Meydanında ekskursiyada oldular.
Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında bir qrup fəal Binəqədi gənclərinin iştirakı ilə bayraq fləşmobu təşkil edildi. Fləşmob Azərbaycan bayrağının tarixdə formalaşması prosesini əks etdirirdi. Belə ki, 4 müxtəlif rəngdə (göy, qırmızı, yaşıl, ağ) köynəklər geyinmiş gənclər müxtəlif hərəkətlərlə Dövlət Bayrağının ilk formalarını nümayiş etdirdilər. Sonda hazırki bayrağı əks etdirən formada düzülüb dalğa effekti nümayiş etdirildi.

Keçidlər