Binəqədi rayonunda 1 mart Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə tədbir keçirildi
29 fevral 2020 | 11:00
29 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin 2020-ci il üçün Mülki Müdafiə tədbirləri planına uyğun olaraq, Geodezia və Kartoqrafiya MMC-də “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda 1 mart Ümumdünya mülki müdafiə günü ilə bağlı rayon üzrə maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərinin tənzimləmə sektorunun müdiri Zamin Orucov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin sədr müavini İlahə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti mayor Elşad Fərəcov, Milli Aerokosmik Agentliyinin mülki müdafiə mütəxəssisi Vüsal Məmmədov, MAKA Ekologiya institutunun mülki müdafiə mütəxəssisi Dəyanət Abbasov, MAKA Təbii Ehtiyatların Kosmik Tədqiqi institutunun mülki müdafiə mütəxəssisi Eldar Əliyev, MAKA Kosmik Cihazqayırma Məxsusi Konstruktor bürosunun mülki müdafiə mütəxəssisi Taleh Rəsulov, Kosmik Cihazqayırma Təcrübə zavodunun mülki müdafiə mütəxəssisi Məmməd Babaşov, MAKA Elmi Tədqiqat Aerokosmik İnformatika institutunun mülki müdafiə mütəxəssisi Mehdi Tahirov, Azərsu ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin mülki müdafiə qərargahının rəisi Kərim Abbasov, Azərsu ASC-nin Sutikinti İdarəsinin mülki müdafiə qərargah rəisi Vüsal İbrahimov, Binəqədi Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin mülki müdafiə qərargahının rəisi Rəşad Məmmədov, 3, 102, 244, 248 saylı tam orta məktəblərin təlim tərbiyyə işləri üzrə direktor müavinləri, Bakı Regional Mərkəzinin Mülki müdafiə idarəsinin zabitləri və Binəqədi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin şəxsi heyəti iştirak etdilər.
Tədbirdə çıxış edənlər Binəqədi rayonunun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər təşkil olunduğunu bildirdilər. Tədbirlərin əsas məqsədi şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunmasını öyrətməkdir. Sonra müəssisənin işçilərinin iştirakı ilə təlim başladı. Təlimdə şərti zəlzələ və yanğın şəraitində Mülki müdafiə qrupları tərəfindən 35 nəfər təxliyyə olundu. İş otaqlarında qalan 10 nəfər şərti xəsarət alan isə evakuasiya olunaraq xəstəxanaya çatdırıldı. Baş verən süni yanğın yanğınsöndürmə manqasının üzvləri tərəfindən söndürüldü.
Təlimin gedişində rayonun ərazi mülki müdafiə xidmətlərinin şəxsi heyəti baş vermiş şərti fövqəladə hadisənin lokallaşdırılmasına cəlb edildi. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, xilasedicilərin xüsusi texnikası və alətlərinə baxış keçirildi. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi. Ümumilikdə, tədbirdə 125 nəfər iştirak etmiş və maarifləndirilmişdir.
Sonda müəssisənin akt zalında fövqəladə hallar zamanı davranış qaydaları barədə film nümayiş etdirildi.
Tədbirin yekununda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 2020-ci il tarixli 31 saylı sərəncamı ilə Binəqədi rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi mayor Məmmədov İsrafil Məmi oğlu və şöbənin baş zabiti kapitan Mahmudov Elçin Sahib oğlu 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə və rayon ərazisində Mülki müdafiə işinin təşkili sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edildilər.