Rayon İcra Hakimiyyətinin sakinlərlə görüşündə Avropa eksperti iştirak etdi
Rayon İcra Hakimiyyətinin sakinlərlə keçirilən görüş və qəbullarında mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri tərəfindən çoxmənzilli binaların idarə edilməsinin daha səmərəli üsul olduğu barədə mütəmadi məlumat verilir. Belə görüşlərdən biri də 15 noyabr 2013-cü ildə Binəqədi rayonu 9-cu mikrorayon, H.Babaşov küçəsində yaşayan sakinlərlə oldu. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Avropa İttifaqının Mənzil məsələləri üzrə eksperti Cerzi Fişer, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, təsərrüfat rəhbərləri və digər aidiyyəti şəxslər və 158 nəfər 9-cu mikrorayon sakini iştirak edirdi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov, Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-Kommunal Siyasəti şöbəsinin müdirinin müavini Elşən Əsədov, Avropa İttifaqının eksperti Cerzi Fişer Mənzil Təsərrüfatının idarə olunmasında mövcud vəziyyət, yeni idarəetmə formaları, onların seçilməsi və üstünlükləri barədə görüş iştirakçılarına ətraflı məlumat verdilər, sakinləri maraqlandıran sualları cavablandırdılar.
Qeyd etmək lazımdır ki, mənzil-kommunal sektorunda keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcə də yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində bu sahənin mövcud vəziyyətinin iqtisadi və hüquqi cəhətləri təhlil olunaraq qiymətləndirilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasının dəstəklənməsi həyata keçirilir.
Pilot lahiyə olaraq Bakı şəhərində seçilmiş Binəqədi rayonunda 2012-ci ildə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və həmin cəmiyyətlər vasitəsilə idarəetmənin təşkilinin formalaşdırılması nəzərdə tutulub. Bununla bağlı olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə əlaqədar tədbirlər haqqında” 27 may 2013-cü il tarixli, 166 saylı Sərəncamına əsasən komissiya yaradılıb. Komissiyaya rayon mikrorayonlarında, xüsusən Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan və fasadları üzlənmiş binalarda və ya abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işlərini aparmaqla çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarəedilməsi üsullarının seçilməsində, habelə idarə edilməsi üsulu seçilmiş binalarda müvafiq sənədlərin hazırlanmasında və dövlət qeydiyyatına alınmasında hərtərəfli dəstək və köməklik göstərilməsi ilə bağlı tapşırıqlar verilib.
Görüşdə həmçinin qeyd edilib ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəldib. Belə ki, son il yarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilib, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılıb, 5 binada işlər davam etdirilir. Rayon ərazisində 16 həyətdə abadlıq işləri yekunlaşdırılıb, 5 həyətdə işlər davam etdirilir. Binalarda 2915 pəncərə dəyişdirilib, 87 lift yenisi ilə əvəz edilib və 111 lift təmir olunub. Binaların dam örtüklərindən 99925 kvadrat metr yumşaq dam örtüyü, 17138 kvadrat metr dəmir dam örtüyü ilə əvəzlənib. Ərazidə 274100 kvadrat metr asfalt örtüyü salınıb, həyətlərin işıqlandırılması üçün 650 işıq dirəkləri qoyulub. Artıq 8-ci mikrorayonda S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a binalarının sakinləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini təsis edərək sənədlərini qeydiyyatdan keçmək üçün Ədliyyə nazirliyinə təqdim ediblər.
Binəqədi rayonunda bu istiqamətdə ardıcıl işlərin aparılması davam etdirilir. Belə ki, rayon ərazisində nümunəvi məhəllələr təmir edilir, binalar abadlaşdırılır. Lahiyə çərçivəsində növbəti mərhələdə 9-cu mikrorayon ərazisində yerləşən 387 mənzili əhatə edən 9 binada təmir işlərinin aparılması və yeni mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması nəzərdə tutulur.
Yeni idarəetmə metodlarının yaradılması ilə əlaqədar maarifləndirici materiallar hazırlanaraq yaxın günlərdə sakinlərə paylanacaqdır.