Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi Binəqədi rayonunda təntənəli şəkildə qeyd olundu
19 noyabr 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi qeyd olundu.
Tədbirdə Binəqədi YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri Rafael Cəbrayılov, Madər Musayev, Hüseynbala Mirələmov və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov əlamətdar bir hadisənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyinin qeyd olunduğunu bildirdi. Hər kəsi YAP-ın yaranmasının 21 illiyi münasibətilə təbrik edən sədr Yeni Azərbaycan Partiyasının 21 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişafı naminə çalışdığını qonaqların diqqətinə çatdırdı. O partiyanın yaranması tarixindən danışaraq qeyd etdi ki, 1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Bu gün bu partiyanın sıralarında altı yüz mindən çox üzvün olduğunu qeyd edən Ramiz Göyüşov partiya sıralarına qoşulanlar arasında gənclərin xüsusi fərqləndiyini vurğuladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə qonaqları təbrik edərək Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolunu qeyd etdi. Ümumilli liderin yorulmaz fəaliyyətindən danışan Xaləddin İsgəndərov bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirərək Azərbaycanı parçalanmaqdan qurtardı. Son prezident seçkilərinə toxunan rayon rəhbəri qeyd etdi ki, aparılan uğurlu siyasətin nəticəsidir ki, 9 oktyabrda Azərbaycan xalqı seçkilərdə İlham Əliyevi yenidən prezident seçdi. Çıxışının sonunda o Ümumilli liderin əsasını qoyduğu siyasətin uğurla davam etdiyini və onun ideyalarının daima yaşayacağını vurğuladı.
Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın yaranmasının tarixi bir zərurət olduğunu, partiyanın Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində olan rolundan danışdı. O bildirdi ki, bu gün partiyanın sıralarında minlərlə gənc birləşir və Yeni Azərbaycan Partiyası dünya miqyasında tanınan və Zaqafqaziyanın ən böyük siyasi partiyasıdır.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov öz çıxışında YAP-ın Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışdı. Eldar İbrahimov Ümumilli liderin qoyduğu siyasət nəticəsində Azərbaycanın dirçəldiyini və bu günkü inkişaf səviyyəsinə çatdığını qeyd etdi.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva qeyd etdi ki, Ulu Öndər tərəfindən gənclərə göstərilən diqqət, qayğı bu gün də partiyamızın sədri, Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bu qayğının nəticəsidir ki,YAP Gənclər Birliyi öz sıralarında 250000-dən artıq gənci birləşdirir.
SondaYeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə partiya biletləri və eyni zamanda Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına Fəxri Fərmanlar verildi. Tədbirdə həmçinin YAP Binəqədi rayon Təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual yarışının qaliblərinə kuboklar, diplomlar və qiymətli hədiyyələr təqdim edildi.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.