Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan inkişafın işığında”

29 may 2020 | 11:00
Binəqədi gənci Sevinc Beybudova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya (İngilis dili) fakültəsinin məzunu
 
Azərbaycan pandemiya dövründə iqtisadi vəziyyəti qoruyub saxlayan azsaylı ölkələrdən biridir. Bu ondan xəbər verir ki, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdıran, eyni zamanda, 3,5 milyard manatlıq iqtisadi, sosial və dəstək paketi həyata keçirməklə yanaşı, ÜDM-dəki artımı qoruyub saxlayan ölkələr sırasındadır. Pandemiya dövründə Azərbaycanın ümumi daxili məhsuldakı artım tempinin qorunub saxlanması müsbət qiymətləndirilməlidir. ÜDM-də artımın qeydə alınması, xüsusən də Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların nəticəsidir. Əvvəlki illərdə ölkəmizdə həyata keçirilən dərinləşmiş islahatlar pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini azaltdı. Bu, bir tərəfdən imkan verdi ki, Azərbaycan sahibkarlar, məşğul əhalinin və işləməyən vətəndaşlarımızla bağlı birbaşa dəstək paketi həyata keçirə bilsin. Bu dəstək paketi nəticə etibarilə pandemiyanın təsirlərini minimumlaşdırdı. Azərbaycan pandemiya dövründə 1,7 milyon nəfərədək özəl sektorda çalışan vətəndaşlarımıza birbaşa maliyyə dəstəyi göstərdi.
 
Bütün dünya və onun bir parçası olan Azərbaycan koronavirus pandemiyasının təsiri altına düşdü. Düzdür, dünyanı öz ağuşuna alan koronavirus digər ölkələrlə müqayisədə ölkəmizə nisbətən gec gəlsə də , biz müəyyən qədər onun təsirlərini ölkəmizdə hiss edirik. Bu, ümumi bir bəladır və ondan yan keçmək mümkün deyil. Hətta dünyanın güclü dövlətləri belə bu xəstəliklə bacara bilmədilər və onun ağır fəsadları yaşamaqda davam edir. Amma hər bir Azərbaycan vətəndaşının güman və inam yeri olan Prezident İlham Əliyevin ardıcıl, uzaqgörən və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyasının genişlənməsinin qarşısı alındı, daha böyük fəsadlar və itkilər müşayiət olunmadı. Azərbaycan bütün imkanları səfərbər etdi ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində qeyd edirdi: “Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq”.

Azərbaycan Prezidenti tərəfindən verilən ardıcıl qərarlar, imzalanan fərmanlar, sərəncamlar, dövlət başçısının tapşırığı əsasında Nazirlər Kabineti tərəfindən hazırlanan və icrasına başlanılan Tədbirlər Planı koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Eləcə də bu xəstəliyin vətəndaşların sağlamlığına, iqtisadiyyata təsirlərinin minimuma endirilməsində müstəsna nəticələrə gətirib çıxardı. Məhz düşünülmüş qərarlar sayəsində Azərbaycan dünyada pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Ona görə dövlət başçısı tərəfindən dəfələrlə sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. Məhz Tədbirlər Planına da uyğun olaraq, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsi dövlət tərəfindən ödənildi. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalandı. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev nazirlərlə görüşündə insanların sağlamlığının, onların sosial təminatının hər şeydən üstün olduğunu bir daha vurğuladı. Bildirdi ki, nə qədər lazımdır, biz bunu edəcəyik. Prezident insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunduğunu diqqətə çatdırdı. Dövlət Dəstək Proqramının icrası üçün əvvəlcə 1 milyard manat, sonra isə 2,5 milyard manat vəsait ayırdı. Bütün bunlar Azərbaycan vətəndaşına verilən ən yüksək dəyər, qiymətdir. Azərbaycan dövləti pandemiya dövründə həyata keçirdiyi tədbirlərlə bir daha sübut etdi ki, hər şeydən öndə vətəndaş gəlir. Mövcud vəziyyət həm də xalq-iqtidar birliyini, həmrəylini nümayiş etdirir. Bu birlik, həmrəylik bütün qələbələrimizin, uğurlarımızın rəhnidir və bundan sonra da belə olacaq. Məhz bu həmrəylik və birlik sayəsində dəf edilməyəcək heç bir problemimiz qalmayacaq və biz dünyaya növbəti Azərbaycan modelini təqdim edəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər, aparılan islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və xalqın hakimiyyətə etimadını daha da gücləndirir. Bu faktı vətəndaşların dövlət başçısına ünvanladığı minnətdarlıq məktubları da təsdiq edir.
Keçidlər