Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bölgələrinə səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir vətəndəşa örnəkdir

08 iyun 2020 | 11:00

  Bəşər tarixində görünməmiş, dünyanı lərzəyə salan “COVİD-19” pandemiyası aylardır ki, öz mənfi təsirini göstərir və göstərməkdə davam edir. Belə bir xəstəlikdən qorunma vasitəsi ilk növbədə fərdilikdən başlayır. Hər bir şəxs bu çətin və məsuliyyətli məqamda öz üzərinə düşən vəzifəni yerinə yetirməklə cəmiyyətə, dövlətə və eyni zamanda, bəşəriyyətə öz tövhəsini vermiş olar. Nə qədər az təmasda olub, lazımi məsafəni saxlasaq, özümüzü qorumaqla bərabər qarşımızdakı insanları da fəlakətdən xilas etmiş olarıq.

   Bu səbəbdən də dövlətimiz tərəfindən, baş verən və davam edən təhlükəyə qarşı görülən işlər, Nazirlər Kabinəti Yanında Operativ Qərargahın tövsiyyələri ölkə vətəndaşlarının sağlamlığı naminə atılan addımlardır.

  Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük müdrikliklə verdiyi qərarlar yerinə yetirilir və bu istiqamətdə verilən qərarların icrası istiqamətində işlər aparılır.

   Təəssüflər olsun ki, bəzi hallarda sağlamlığımız üçün atılan addımlar bəzi kəslər tərəfindən pozulur və bu özlüyündə virusun yayılma tempinin artmasına səbəb ola bilir.

   Tibbi maskalardan istifadə, dezinfeksiya məhsullarının ticarət müəssisələrində, ictimai yerlərdə istifadə olunması üçün təbliğat vasitələrindən faydalanmaq günümüzün ən aktual problemidir.

  Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini yaymaq, ağır pandemiyanın fəsadlarını minimuma endirmək səhiyyə işçilərinin üzərinə düşən çətin məsuliyyətlərdən biridir.

   Xüsusi karantin rejimi dövründə, Nazirlər Kabinəti Yanında Operativ Qərargahla bərabər, “TƏBİB”-in gördüyü təxirə salınmaz işlər gücləndirilmiş rejimdə olan xüsusi izolyasiyalı təkmilləşdirilmiş xəstəxanalar, o cümlədən, yeni modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi Azərbaycan dövlətinin gördüyü ən örnək tədbirlərdən biridir.

   Bu baxımdan koronavirus (“COVİD-19”) xəstəliyindən qorunmaq üçün qısa bir zamanda ölkəmizdə maska istehsalı, dezinfeksiya məhlulu olan etil spirtinin kütləvi istehsalı hər bir ölkə vətəndaşı tərəfindən alqışlanır.

    İnsanların sağlamlığı naminə karantin rejiminin tətbiqi zamanı həyat tərzimizdə məhdudiyyətlər olsa da, görülən hər bir tədbir, çərçivə daxilində olan hərəkət, yayılacaq kütləvi yoluxma miqyasını kiçiltmək, eyni zamanda, xəstə sayını minimum səviyyədə saxlamaq məqsədi güdür.

  Ölkə daxili yoluxma sayının artması heç də gələcəkdə baş verəcək çətinliyin, yaşamaq uğrunda mübarizə həddinə gəlməsinə şübhə yaratmır.

   Əslində hər bir şəxs sağlamlığı naminə, bu mübarizənin ən fəal iştirakçısı olmalıdır. Son günlərdə dövlət başçısı, Prezident cənab İlham Əliyevin ölkəmizin bölgələrinə səfəri zamanı tibbi maskadan istifadə etməsi, hər kəsi daha diqqətli olmağa çağırış, eyni zamanda, hər bir vətəndəşa örnəkdir.

   Hər bir vətəndaş da bu təşəbbüsü özünə əsas örnək bilməli, ölkə başçısının göstəriş, tövsiyə və addımlarına uyğun davranmalıdır.

    Əslində bəşəriyyət üçün mövcud olan bu təhlükə qaçılmaz olsa da, hər bir insan özünü, doğmalarını və insan övladını qorumalıdır. Bu yerdə Azərbaycanın sevimli şairi Osman Sarıvəllinin bu misrası yada düşür:

 

“Hər kəs 100 il yaşamasa,

Günah onun özündədir”.

 

   Bəli, hər kəs vara-dövlətə, imkanlıya-kasıba baxmayan bu qorxulu koronavirus kabusundan qorunmaq üçün səfərbər olmalıdır!

   Səhiyyə işçiləri olaraq, xalqımızdan tövsiyə olunan normalara riyaət etmələrini, özünün və yaxınlarının sağlamlığı baxımından gigiyenik qaydalara daima riayət etmələrini xahiş edirəm.

   Hər kəs öz məsuliyyətini dərk edərsə, doğma Azərbaycanı, bəşəriyyəti qorumuş olar.

   Böyük Allah kainatı-bəşəriyyəti, Azərbaycanı qorusun!

 

 

 

Məlahət İbrahimova,

Binəqədi rayonu 11 saylı uşaq poliklinikasının

Baş həkimi

 

Keçidlər